"ASAN Məktub"la Ramazan sevinci
"ASAN Könüllüləri" Təşkilatının "ASAN Məktub" sosial proqramı çərçivəsində "ASAN Məktub"la Ramazan sevinci" aksiyası baş tutub. “Ümid yeri” uşaq sığınacağının sakinləri tərəfindən yazılmış 43 məktub “ASAN xidmət” əməkdaşları tərəfindən öhdəliyə götürülüb və hədiyyələr Ramazan bayramı ərəfəsində balaca sahiblərinə çatdırılıb.
Aksiya çərçivəsində uşaqlar üçün əyləncəli şou proqram təşkil olunub. Hədiyyələrin təqdim olunması mərasimində şən klounların, sehrbazların çıxışları da uşaqların marağına səbəb olub, sevincinə sevinc qatıb.
"ASAN Məktub" sosial proqramının məqsədi qədim xeyirxahlıq ənənələrinə malik ölkəmizdə əvəzsiz bir sosial fəaliyyətin başlanğıcını qoymaq, heç bir maddi qazanc güdmədən uşaqlara sevinc yaşatmaq, onların gülüşünə səbəb olmaqdır. Belə ki, "ASAN Məktub" sosial proqramı vasitəsilə respublika ərazisində yaşayan uşaq evlərinin, az təminatlı ailələrin və kənardan qulluğa ehtiyacı olan uşaqların arzuları həyata keçirilir.